Mandarin yeyə-yeyə film izləyirdim. Masada şokolad da var idi. Bir anlıq düşündüm ki, görəsən, mandarin və şokolad evlənsəydi, necə bir mənzərə olardı? Bu düşüncə ilə “DALL·E“yə çox sadə bir “prompt” yazdım: 

Wedding of tangerine and chocolate.

Aşağıdakı möhtəşəm mənzərə ortaya çıxdı. Çox qəşəng deyil?

Əgər bir şokolad markası mandarinli yeni məhsulunu bu cür təqdim etsəydi, şübhəsiz ki, bilbordlardan gözlərimizi çəkə bilməzdik.

Sözüm yaradıcı insanlaradır. Vaxtilə “Doyle Dane Bernbach (DDB)” reklam agentliyinin yaradıcılarından biri olan William Bernbach kopirayterləri və dizaynerləri bir yerə toplayaraq bu gün reklam agentliklərində istifadə olunan kreativ şöbə modelinin əsasını qoyub. Azərbaycanda isə bu iki mütəxəssis birlikdə yaratmaq əvəzinə daha çox bir-birindən asılı vəziyyətdə işləyir. Bu isə yaradıcı sənayedə fəaliyyət göstərən agentliklərdə kortəbii olaraq formalaşmış bir mədəniyyət yaradıb. Çox vaxt yaradıcılıq prosesi yalnız kopirayterin üzərinə düşür, dizayner isə sadəcə onu vizuallaşdırmaqla kifayətlənir. 

İndi isə zəmanə dəyişib. Artıq Bernbach müəllimin modeli olmasa da, iş gedir və gedəcək. Amma unutmayın ki, get-gedə orta səviyyədə yaradıcılıq işləri ilə məşğul olanlara ehtiyac qalmır. 

Bəli, süni intellekt bir çox peşə sahiblərinin işini əllərindən alacaq, lakin strateji düşünən və fərqli yaradıcılıq nümunələri təqdim edənlərin yox. Beləcə, bu gün insan toxunuşuna hər zamankından daha çox ehtiyacımız var. Süni intellekt bizi daha da insan edəcək.