30 sentyabr 2024-cü il tarixində “Creative School”un “Next Level” tədris modeli çərçivəsində “Bədii rəhbərlik (Art Direction)” qrupu dərslərə start verdi. Bu, ölkənin gələcək yaradıcı liderləri üçün böyük bir fürsətdir!
Qeyd edək ki, “Next Level” proqramı artıq təməl biliklərə sahib olan və karyeralarını növbəti mərhələyə qaldırmaq istəyən şəxslər üçün xüsusi olaraq hazırlanıb. Proqramın əsas məqsədi tələbələrin mövcud bilik və təcrübələrini zənginləşdirmək, onlara daha mürəkkəb iş mühitlərində bu bacarıqları tətbiq etmə imkanı verməkdir.
Proqram daxilində “Bədii rəhbərlik (Art Direction)” üzrə keçirilən dərslər tələbələrə yaradıcılıqlarını strateji düşüncə ilə birləşdirmək və vizual kommunikasiya sahəsində dərin biliklər qazanmaq imkanı yaradır. Proqramın təkmil strukturu sektordakı ən son tendensiyalar və texnikalar haqqında dərin məlumatlar vermək, tələbələrə daim yenilənən və dəyişən bu sahədə peşəkar səviyyədə inkişaf etməyə kömək məqsədilə hazırlanmışdır.
Nəzərinizə çatdıraq ki, tədris proqramı ölkənin tanınmış art direktorları, dizaynerləri, kreativ direktorları tərəfindən həyata keçirilir. Təlimçilər sırasına daxil olan Rizvan Bağırlı, Fərid Rzazadə, Göktuğ Sarı və Elnur Nurəli uzun illərdir ki, yerli və xarici brendlərlə iş təcrübələrinə malik olduqları üçün tələbələrə yalnız nəzəri bilik deyil, həm də praktiki təcrübələrini ötürməyə qadirdirlər.
“Bədii rəhbərlik” proqramında iştirakçılar dizayn strategiyalarından vizual hekayə təsvirinə qədər geniş spektr üzrə biliklər əldə edəcək, kreativ komanda idarəçiliyi və liderlik bacarıqlarını inkişaf etdirəcəklər. Bu proqram həm də vizual kommunikasiya biliklərini dərinləşdirmək istəyən qrafik dizaynerlər, yaradıcı liderlər və marketinq mütəxəssisləri üçün ideal seçimdir.
Daha ətraflı məlumat üçün buradan oxuya bilərsiniz.