Bir çox sektorları qidalandıran bir istedad hovuzu kimi mövqe tutan reklam sənayesinin resursları artıq quruyub. Mövcud istedadları bir tərəfdən xarici bazara, digər tərəfdən də brendlərə itirən sektor boş qalan yerləri doldura bilmir. İş o yerə çatıb ki, təcili tədbirlər görülməsə, cari problem reklam sektorunu da bitirə bilər…
Artıq otaqdakı fil haqqında danışmağın vaxtı gəlib. Zaman keçdikcə bu fil elə böyüyür ki, daha otağa da sığmır. Bu problemdən dolayı hamı bir-birini məsul kimi göstərsə də, təəssüf ki, bunun çarəsi nə gəncləri, nə də təhsil sistemini günahlandırmaqdadır. Gənclər reklamçı olmaq istəmirlər. Gün keçdikcə əriyən sənayemizin əsas problemlərindən biri də brendlərə itirilən istedadlardır. Bəs şirkətlər daxili komandalarını qurduqları zaman nələri gözə alırlar?
İnvestisiya
Daxili reklam komandalarının yaradılması əhəmiyyətli investisiya tələb edir. Şirkətlər bu komandalar üçün tələb olunan personalı, avadanlıqları və proqram təminatını almalıdırlar. Sizcə, daxili komanda qurmaq sərfəlidirmi?
Mütəxəssislik
Şirkətdaxili reklam qruplarının müvəffəqiyyətli olması üçün bu komandalar təcrübəli və mütəxəssis kadrlardan ibarət olmalıdır. Sizcə, talant krizinin yaşandığı bir dövrdə bu nə qədər realdır? Rəqabət olmadığını nəzərə alsaq, insanların bir müddət sonra davamlı eyni şeyləri etməsi, sadəcə 1 marka üçün yaradıcı həllər verməsi nə qədər məntiqlidir?
Vaxt
Şirkətdaxili reklam qruplarının yaradılması və idarə edilməsi vaxt və səy tələb edir. Şirkətlər bu komandaları yaratmaq və idarə etmək üçün xüsusi vaxt və resurslar ayırmalıdırlar.
Reklam sənayesindən dəyişiklik və transformasiya gözləmək olar, lakin “reklam bitdi” kimi yanaşma qəbuledilməzdir.
Düşünürəm ki, inflyasiyaya əsaslanan qiymət artımlarından qazanc görməyən yeganə sektor reklamdır. Brendlər bütün tərəflər üçün inflyasiyaya uyğun olaraq maaş artımını qəbul edib tətbiq etsə də, reklam agentliyinin haqları inflyasiyadan xeyli geridə qalıb. Rəhbərlərə xatırlatmaq lazımdır ki, reklam sektoru bütün sənayeləri və digər yaradıcı sektorları qidalandıran iqtisadiyyatın hərəkətverici qüvvəsidir, mütəşəkkil reklamın yaradılması “in-house” və ya frilans insanlarla edilən reklamdan fərqlidir. Reklam istehsalının agentliklərin nəzarətindən çıxması riski var. Bu təkcə reklam agentlikləri üçün deyil, brendlər üçün də böyük riskdir. “Reklam sadə bir işdir”, “2-3 nəfərlə bacararıq” ifadələri geniş yayılıb, amma bunun doğru olmadığını hamımız bilirik.
Bütün sektor assosiasiyalarının və platformalarının iştirakı ilə böyük bir təhsil hərəkatına başlamaq və onu təhsil müəssisələri, universitetlər və brendlərlə birlikdə hazırlayıb idarə etmək lazımdır. Daha çox kommunikasiya qurmalı, tədbirlər təşkil etməli, bir növ reklam sektorunu reklam etməliyik. Düşünürəm ki, sektorun bütün maraqlı tərəfləri bu məsələni öhdələrinə götürsələr və lazımi səyləri göstərsələr, 1-2 il ərzində dəyişiklik görə bilərik, 3-5 il ərzində isə daha köklü və daimi nəticələr əldə edə bilərik.