Bu məqaləmizdə sizə “storytelling”in hekayəsindən danışacağıq. “Storytelling”, yəni hekayə danışmaq sənəti yaradıcılığın bütün sahələrində öz əksini tapmaqdadır. Həm yazılı, həm də şifahi formatlarda olan bu anlayışın tarixi olduqca qədimdir. Buna ən yaxşı nümunə kimi məşhur Qobustan rəsmlərini göstərə bilərik.
Hekayəmizdə isə sizə “storytelling”in məhz reklam dünyasında istifadəsindən söz açacağıq. Dünyada bir çox şirkətin öz xidmət və məhsullarını müştərilərinə təqdim etmək üçün istifadə etdiyi təsirli üsullardan biri hekayələrdir. İnsanların nağıl və hekayələrə marağının bu gün də səngimədiyini nəzərə alsaq, brendlərin heç də yanılmadığını görə bilərik.
Məsələn, 2010-cu ildə Prinston Universitetində hekayənin danışan və dinləyən şəxslərə göstərdiyi təsirini anlamaq üçün bir sıra araşdırmalar aparılıb. Bu çərçivədə FMRI (funksional maqnetik rezonans tomoqrafiyası) alətindən istifadə edərək hekayəni danışan və onu dinləyən insanların beyin dalğaları araşdırılaraq maraqlı nəticələr əldə edilib. Təcrübələrin sonunda hekayə danışan və dinləyən insanların beyinlərinin eyni hissələrinin eyni anda işlədiyi müşahidə edilmişdir. Marketinq dili ilə desək, hekayə danışan brend həm vizualı, həm sözləri ilə özünü və sizi hekayənin içinə çəkməlidir. Bu halda təsir daha effektiv və unudulmaz olur.
Yaradılan hekayələr ilə müştərilərin brend haqqında təsəvvürlərinin olması, brendi özünə daha yaxın hiss etməsi təmin edilir. Beləcə, brendlər müştərisinin gözündə məhsulunu satış edən şirkət imicində olmaq əvəzinə, hekayə yaradır və onları öz hekayələrinin qəhrəmanlarına çevrilməyə təşviq edirlər.
Hekayə yaradarkən riayət edilməli nüanslar isə aşağıdakı kimidir:
– Hədəf auditoriyasını diqqətlə təhlil etmək;
– Emosiyalara xitab etmək;
– Maraqlı süjet xətti yaratmaq;
– Uyğun xitab formasını müəyyənləşdirmək;
– Problemlərə həll yolları təklif etmək.
Yəni brendlər çatdırmaq istədikləri mesajı hədəf auditoriyanın anlaya biləcəyi dildə və təsvirdə çatdırmalıdırlar. Hekayələr yumoristik, macəralı və ya emosional formada ola bilər. Yuxarıda da qeyd etdiyimiz kimi, hekayə yaradarkən emosiyalara xitab etmək olduqca vacibdir.
Ffion Lindsay “Hekayənin əsasları” adlı kitabında hisslərə müraciət etmə qaydalarını belə sadalayır:
– Sadə olmaq;
– Bir gözlənti yaratmaq və sonra həmin gözləntini qarşılamaq;
– Yaddaqalan olmaq;
– Danışıq dilindən istifadə etmək, vulqar kommunikasiyadan qaçmaq;
– Dinləyənlərin və ya oxuyanların dəyərlərinə, inanclarına, mədəniyyətlərinə hörmət etmək.
Ümid edirik ki, yaratdığınız və yaradacağınız hekayələrin sonunda göydən 3 alma düşəcək. Bu 3 almanın biri məmnun müştərinizin, biri uğurlu brendinizin, digəri də uğur hekayənizi oxuyarkən bizim olar.