Süni intellektin insanların işlərini əlindən alıb-almayacağı, təhlükə olub-olmaması uzun illərdir ki, müzakirə mövzusudur. Digər tərəfdən isə biz ilk dəfədir ki, süni intellektin insan yaradıcılığı ilə rəqabət apardığı bir dövrdən keçirik. Bir istiqamətdə süni intellekt verilən açar sözlərlə unikal və təsiredici vizuallar yarada bilən “Midjourney”, “DALL-E”, “Stable Diffusion” kimi dizayn proqramlarını dəstəkləyir. Başqa bir istiqamət isə “Copy.ai”, “Copysmith”, “Rytr” kimi kopirayterlərin yazdıqlarından heç də geri qalmayan mətnlər yaza bilən proqramlar sənaye üçün inqilab zənglərinin çaldığını xəbər verir.

Hazırda bir çox insan süni intellektdən qorxur. Bizim fikrimizcə, əgər ortasəviyyəli dizayner və ya yazarsınızsa, çox qorxmalısınız, bəli. Bu platformalar yaradıcılıqla məşğul olan ortasəviyyəli bir əməkdaşın işini görə bilər, lakin yaxşı dizayner və ya kopiraytersinizsə, daha da yaxşı olacaqsınız. Başqa sözlə, süni intellekt sizi daha çox parladacaq. Süni intellektlə yazılan mətnlər, hazırlanan dizaynlar bir dövrdən sonra şablon olacaq və ərsəyə gələn bu işlərə insan toxunuşu labüd olacaq. Necə deyərlər, süni intellekt bizi daha çox insan edəcək.