Mövzuya ötən illərdə məhşur olan bir hekayə ilə başlamaq istəyirəm.
Sərgilərə getməyi sevən bir adam bir gün Pikasso ilə qarşılaşır və ona sual verir:
– Deyəsən, rəngləri bir-birinə qarışdırmaqdan və iç-içə keçmiş cizgilər çəkməkdən başqa heç nə bacarmırsınız.
Adamın bu kinayəli cümləsindən sonda Pikasso onu həyətə aparır və fırçası ilə yerə buğda şəkli çəkir. Şəkil o qədər inandırıcı olur ki, yaxınlıqdakı toyuqlar gəlib xəyali buğdanı yeməyə çalışırlar. Adam bu hadisədən sonra belə deyir:
– Bu qədər inandırıcı şəkillər çəkə bildiyiniz halda niyə qəribəliyə üstünlük verirsiniz?
Pikassonun cavabı isə çox maraqlı olur:
– Mən toyuqlar üçün çəkmirəm.
Bu hekayənin həqiqətən baş verib-vermədiyini bilmirik. Amma yaradıcı adamların bu hekayədən çıxarmalı olduğu bir dərs var.
Texniki tərəfdən mükəmməl işlənmiş iş, hələ o işin mükəmməl olduğu demək deyil.
Son zamanlar hər kəsin texniki bacarıqlarını göstərdiyi bir dövrdə qalib olanlar, məzmunlu işlər olur. Bəli, məhz məzmunu güclü olan, yalnız estetik gözəlliklə yox, düşüncə və hisslərlə işlənən işlər mükafat alan işlər arasında olur. Yəni sənət yalnız görünüşdən ibarət deyi, onun arxasında bir mesaj, bir hiss, bir dərinlik var.
Reklamçılar üçün bu, müştəri gözləntilərini və bazar tələblərini anlamağın vacibliyini göstərir. Düzgün mesajın və kreativliyin birləşməsi, müştəriyə dərin emosional təsir edə bilər. Yalnız sıradan reklamlarla kifayətlənmək deyil, həm də daha dərin bir bağ yaratmaq və insanların həqiqi ehtiyaclarına, duyğularına cavab vermək önəmlidir.
Reklam yaradarkən, məqsədinizin yalnız məhsul və ya xidmət təqdim etmək olmadığını, eyni zamanda, insanların düşüncələrinə, hisslərinə və həyat tərzlərinə təsir etməyi hədəflədiyinizi unutmamalısınız.
“Penguin Books” audiokitablarını tanıtmaq üçün “McCann India” komandası tərəfindən hazırlanmış çap nümunələri məhz bu nümunələrdəndir.
Qeyd edim ki, bu iş Kann Beynəlxalq Yaradıcılıq Festivalında “Golden Press Lion” qazanıb..
Növbəti nümunə isə “Heinz” butulkalarını daha ucuz və bilinməyən souslar ilə doldurarkən çəkilmiş restoran işçilərinin fotoşəkilləridir. Bu iş markanın statusunu sakitcə təsdiqləyən kreativ yanaşma idi.
Bu kreativ yanaşma da Kann Beynəlxalq Yaradıcılıq Festivalında İstehlak malları kateqoriyasında “Gold Cannes Lions” mükafatına layiq görülüb.
Bunun kimi yüzlərlə nümunə çəkmək olar.
Əsas odur ki, cəsarətli olun və gözlənilməz yanaşmalara açıq olun! Pikassonun da dediyi kimi, işlərinizi toyuqlar üçün yox, insanlar üçün yaradın.